Qazax rayonunun tarixi və mədəniyyət abidələri

Təbiət abidələri

Göyəzən dağı Qazağın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda yerləşir. Nadir geoloji image306təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb.  Təkdir və heç bir dağa bitişik deyil. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı “dünyanın mərkəzi” hesab edirlər. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən  toponimlə bağlı müxtəlif rəvayətlər və yozmazlar var. Lakin ən inandırıcı izahat “göylərə baş vuran”, “göy əzən” yozmasıdır.

Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax69754228 rayonun əsas istirahət yeri, piknik mərkəzidir. Elə ki yay gəlir bütün Qazax camaatı sərinləmək üçün buraya üz tutur. Qonaqlarına da buranı mütləq göstərirlər. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı ovucda yığılıb bulaq olur.

Avey – Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə “Ay Tənqri” (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki, respublika hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.

Arxeoloji abidələr

Daş Salahlı kəndindən Xram çayına qədər uzanan, Avey dağının cənub-şərqində Yataq yeri adlanan ərazidə yerləşən Damcılı mağarasının sahəsi 360 kv.m, uzunluğu 17 metrdir. Aveydağ mağaralar qrupunda ən irisidir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. 1957-1958-ci illərdə burada əsaslı arxeoloji qazıntı işləri aparılmış, qiymətli maddi mədəniyyət nişanələri aşkar edilmişdir. Mağaradan qarışıq təbəqədən 8 mindən artıq arxeoloji material, daş kəsici alətlər, müxtəlif heyvanlara aid sümüklər, kül izləri tapılıb. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Diametri 2 metrə yaxın ocaq yerindən xeyli əşya və qırıntılar əldə edilmişdir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü Mezolit dövrü və Neolit dövrünə aiddir. Bütün bunlar qədim qazaxlıların yaşayış tərzi, məşğuliyyətləri və bir insan toplumu kimi inkişaf səviyyələri barədə bilgi verir.

Qazax bölgəsi ərazisində yerləşən dünya əhəmiyyətli abidə Baba-Dərviş yaşayış qədim məskənidir. Bu abidə Xanlıqlar kəndi yaxınlığında yerləşir. 1958-1962-ci və 1966-cı illərdə burada arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid çox maraqlı tapıntılar əldə olunmuşdur. Ümumiyyətlə, Baba-Dərviş qədim yaşayış yeri silsilə təşkil edən 5 təpədən ibarətdir. Arxeoloji materiallara əsəsən bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuş, burada məskunlaşan insanlar çoxsaylı maddi-mədəniyyət nümunələri yaratmışlar. Həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri xüsusilə maraqlıdır.

Baba-Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Xronoloji baxımından bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olaraq Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir.

1966-cı ildə Baba-Dərvişdə daha bir nadir tapıntı – katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılmışdır.

Qazaxın Çaylı kəndində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış məskəni aşkar edilmişdir. 2009-ci ildə Sarvantəpə adlanan ərazidə 1,5 hektarlıq tədqiqat sahəsinin 125 kv. metrində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şamil Nəcəfov tərəfindən qazıntılar aparılmışdır. Arxeoloji qazıntılar zamanı çıxarılan son tunc, ilk dəmir dövrünə xarakterik çiy kərpicdən və çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, bəzək əşyaları, möhürlər, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Arxeoloqlar tapıntıların aşkar edildiyi ərazidə maldarlıq və əkinçiliyin geniş yayıldığını bildirir. Tapılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib.

Arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfov dediyinə görə, Gəncə-Qazax zonası son tunc ilk dəmir dövrünə aid abidələrlə zəngindir. E.ə II minilliyin sonu, I minilliyin əvvəlinə aid bu zona üçün xas olan Xocalı-Gədəbəy qəbir abidələri yaşayış yerlərinə nisbətən daha çox öyrənilib. Qəbir abidələri həmin dövrün insanlarının dini dünya görüşləri, sənətkarlığı haqqında xeyli zəngin məlumatlar verir. Amma yaşayış yerlərinin qazıntısı zəif aparılıb. Sarvantəpədə aparılan qazıntı işləri və gələcəkdə bu zonada aparılacaq qazıntılar daha dolğun məlumatların üzə çıxmasına imkan yaradacaq.

Sarvantəpə ərazisindən götürülən maddi mədəniyyət nümunələrinin bəziləri Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinə, bəzilərinin üzərində tədqiqat işləri aparmaq üçün arxeoloji fonda göndərilmişdir.

Sarıtəpə qədim yaşayış məskəni Qazax şəhərinin qərb qurtaracağında yerləşən kərpic zavodunun həyətində qərarlaşıb. Abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. 1956-1958 illərdə abidədə Azərbaycan Elmlər Akademiyasının arxeoloji ekspedisiyası qazıntılar aparıb. Sarıtəpə yaşayış yeri tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin sonunu rübünədək burada yaşayış davam etmişdir.Tədqiqatçılar müəyyən etmişlər ki, e.ə. VII əsrdə Sarıtəpədə yanğın baş vermişdir. Burada yanğından əmələ gəlmiş təbəqənin qalınlığı 0,7 metrə qədərdir. Həmin təbəqədən aşkar edilmiş binaların inşasında çay daşından, saman qarışıq palçıqdan və ağacdan istifadə edilmişdir. Binaların tavanı və divarları saman qatışıq gillə suvanmışdır. Tavanı saxlamaq üçün divar boyu yerə basdırılmış dirəklərin oyuqları aydın şəkildə seçilir. Tədqiqatçıların fikrincə binaların üstü küləşlə örtülmüşdür. Arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Öyrənilmişdir ki, bu abidələri öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur. Alimlərin əksəriyyəti Sarıtəpəni böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. Burada tapılan iki sütun altlıqları bütün Qafqaz üçün unikal sayıla bilər. Onlar bir çox əlamətlərinə görə qədim İranın Suza və Persepolis şəhərlərindəki memarlıq abidələrinə oxşardır. Beləliklə Yaxın Şərq analoqlarına uyğun olaraq Sarıtəpədən üzə çıxarılan sütun altlıqları e.ə. V-IV yüzilliklərə aid etmək olar.

Sarıtəpənin bina qalıqlarından birinin yaxınlığından yerə basdırılmış 14 küp aşkar edilmişdir. Küplər iri həcmli, qabarıq gövdəli, geniş ağızlı olub, qulaqcıqlarla bəzəklidir. Sarıtəpənin gil qabları narın gildən, yapma üsulu ilə və ya dulus çarxında hazırlanmış çoxlu qara rəngli gil qablardan ibarətdir. Qablar çox incə şəkildə cilalanmış və üzəri cızma və ya yapma üsulu ilə naxışlanmışdır. Qabların qulpu əsasən zoomorf formada hazırlanmışdır.

Sarıtəpədən həmçinin xeyli miqdarda dördkünc və dairəvi formalı möhürlər də tapılmışdır. Möhürlərin işlək üzündə sadə və mürəkkəb motivdə günəş simvolu olan çərxi-fələk (svastika) nişanları təsvir olunmuşdur.

Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlərə də təsadüf edilmişdir. Burada gildən hazırlanmış heyvan başlarının fiqurları tapılmışdır. Azərbaycanın digər həmdövr abidələrində olduğu kimi Sarıtəpədə də metal əşyalar az tapılmışdır. Buradan tuncdan hazırlanmış Cənubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında asma və digər əşyalar əldə edilmişdir.

  

 

 

 

 

 

 

 

 

 

Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250-300 m aralı olan iki təbii təpələr var. Bu təpələr üstündə 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar olunmuşdur.Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir.

İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla eynidir.

 

 

Gamigaya adlanan təpə Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yanında ucalır. Bir tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına möhtəşəm bir görüntü açılır.

Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud imiş. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur.

Gamigayada sistematik arxeoloji qazıntılar aparılmayıb. Lakin, buradakı saxsı parçaların Qazaxın başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir. Bu ərazinin gələcəkdə daha geniş tədqiqata ehtiyacı var.

Aşağıda göstərilən saxsı parçalar 2010 ildə Gəmiqayada aşkar olunub və ilk dəfə dərc olunur.

Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur.Bura ilə bağlı maraqlı əfsanə var. Çox qədim zamanlarda buraya düşmənlər hücum etməyə hazırlaşır. Xəbər tutan camaat gecə-gündüz kəndin yuxarı başında yeddi-yeddi keşik çəkməyə başlayırlar. Növbə kənddə yaşayan yeddi qardaşa çatır. Onlar növbədə ikən düşmənlərin mühasirəsinə düşürlər. Allaha dua edirlər ki, düşmənin əlinə keçməsinlər. Bu duadan sonra göydən ildırım çaxır, yağış yağır. Səs-küyə camaat oyanır, kəndi müdafiə edir, qardaşlar isə daşa dönür. O vaxtdan bu yer pir olub.  

Tarixi və mədəni abidələr